BAKI, 17 noyabr. TELEQRAF
Milli Məclisin payız sessiyası üzrə bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilən məsələlərin müzakirəsi davam etdirilib.
Teleqraf xəbər verir ki, ötən gündən başlayaraq parlamentdə gələn ilin dövlət büdcə paketinin müzakirəsində Milli Məclisin deputatlarla yanaşı hökumət təmsilçiləri də iştirak edib.
Beləliklə, iki gün aparılan müzakirələrin nəticəsi olaraq “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) qəbul edilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır.
Xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
-dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsinin gəlirləri 9 220 500 000,0 manat;
-dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 52 040 000,0 manat.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.