"Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcəkdir".
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, Yeni Azərbaycan Partiyasının 8-ci Qurultayında Ölkə Başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb: "Məlum olduğu kimi, son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib.
Görülmüş tədbirlər nəticəsində cari tarixə orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4% artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10% artaraq 634 manat, orta aylıq əməkhaqqı 7,2% artaraq 1173 manata çatmış, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4% artaraq 1,9 milyard manat olmuşdur. Əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbəti (əvəzetmə əmsalı) 50,8%, yaşa görə pensiyada isə 54% təşkil edib.
Qeyd olunduğu kimi, 2027-ci ildə də dövlət və icmal büdcələr sosial yönümlüyünü saxlayacaqdır".
Anar Əliyev bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosial xərclər 222,7 milyon manat və ya 1,7% çox olmaqla 13,0 milyard manat (cari ildə artım – 9,2%), sosialyönümlü xərclərin isə 1,6 milyard manat və ya 9,2% çox olmaqla 18,7 milyard manat nəzərdə tutulur: "Sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2%-ə yüksələcəyi, ÜDM-də payının isə 13,3% olması gözlənilir (cari il 12,4%).
2027-ci ilin dövlət büdcəsində sosial xərclərin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 914 milyon manat həcmində olması proqnozlaşdırılır (təqribən 1% çox).
ƏƏSMN-nin beynəlxalq metodologiya əsasında aparılmış hesablamalarına əsasən 2027-ci ilin icmal büdcə layihəsində sosial xərclərin məbləğinin 20,5 milyard manat olacağı və ÜDM-də payının isə 14,5% təşkil edəcəyi proqnozlaşdırılır”.