BAKI, 17 noyabr. TELEQRAF
Ukraynanın 2027-ci ildə maliyyə çatışmazlığının 32-34 milyard dollar, 2028-ci ildə isə 17 milyard dollar olacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynaya ayrılmış 8,1 milyard dollarlıq dördillik dəstək proqramının ikinci və üçüncü icmallarının yekunlarına dair bəyanatında bildirilib.
Fondun məlumatına görə, Ukrayna hakimiyyəti əlavə maliyyə ehtiyaclarını qarşılamaq üçün beynəlxalq tərəfdaşlarla danışıqlar aparır.
BVF ekspertləri Rusiya-Ukrayna müharibəsinin 2027-ci il ərzində davam edəcəyini gözləyirlər. Bu səbəbdən ölkənin əlavə maliyyələşdirməyə ehtiyacının artacağı proqnozlaşdırılır.
Fondun hesablamalarına əsasən, Ukraynanın ümumi daxili məhsulu (ÜDM) 2026-cı ildə 0,5 faiz, 2027-ci ildə isə 1 faiz azalacaq.