BAKI, 17 noyabr. TELEQRAF
“Büdcə sistemi haqqında” Qanuna və digər əlaqədar qanunvericilik aktlarına uyğun olaraq “Dövlət sosial müdafiə fondu”nun və “İşsizlikdən sığorta fondu”nun 2027-ci il üçün büdcə layihələri hazırlanmış, həmçinin əhaliyə ödənişlər üzrə dövlət büdcəsi layihəsində ƏƏSMN üçün nəzərdə tutulan vəsait proqnoz edilib".
Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, sözügedən layihələr növbəti il üçün ölkənin iqtisadi və sosial inkişafı, əhalinin sosial rifahının gücləndirilməsi, məşğulluq imkanları, demoqrafik vəziyyət, əmək ehtiyatları və bir sıra əsas makroiqtisadi proqnozlara əsaslanaraq tərtib edilib: “2027-ci ilin dövlət büdcəsinin layihəsində ƏƏSMN-nin fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, həssas kateqoriyadan olan əhali üzrə tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyalar istiqaməti üzrə ümumilikdə 2 milyard 200 milyon manat vəsait proqnozlaşdırılır.
Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".
Nazir bildirib ki, sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub: "İcbari tibbi sığorta çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları üçün gələn ilin dövlət büdcəsində 1 milyard 100 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.
Həmçinin, işsiz şəxslərin sosial müdafiəsi məqsədilə icra olunan haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi bloku üzrə növbəti ilin büdcəsində 133,5 milyon manat vəsait nəzərdə tutulur”.