BAKI, 17 noyabr. TELEQRAF

Dünyanın ən çox gözlənilən videooyunlarından biri olan “Grand Theft Auto VI” (GTA VI) üçün əvvəlcədən sifarişlərin ümumi dəyəri 1,45 milyard dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sensor Tower” analitik şirkəti məlumat yayıb.

Şirkətin hesablamalarına görə, oyunun satışa çıxmasına üç gün qalmış “PlayStation” və “Xbox” konsolları üzrə təxminən 15 milyon əvvəlcədən sifariş qeydə alınıb.

“PlayStation” istifadəçiləri 11 milyondan çox nüsxə sifariş edərək “Rockstar Games” şirkətinə 1,08 milyard dollar gəlir qazandırıblar. “Xbox” istifadəçiləri isə 360 milyon dollardan çox dəyərində təxminən 3,8 milyon sifariş veriblər.

“Rockstar Games” hələlik əvvəlcədən sifarişlərin sayı ilə bağlı rəsmi statistika açıqlamayıb.

Qeyd edək ki, GTA VI-nın noyabrın 19-da “PlayStation 5” və “Xbox Series X/S” platformaları üçün satışa çıxarılması planlaşdırılır.

“Grand Theft Auto” seriyası açıq dünya konsepsiyası, geniş oyun imkanları və sosial satirası ilə videooyun sənayesinin ən uğurlu layihələrindən biri hesab olunur.