BAKI, 17 noyabr. TELEQRAF

"Prezident İlham Əliyevin sosial yönümlü siyasəti bu büdcədə də aydın görünür. DSMF-nin gəlirləri 9 milyard 220,5 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisindən 10,78 faiz çoxdur. Xərclərin 96,52 faizi əhaliyə ödənişlərə yönəlir. Bu, minlərlə ailənin rifahına xidmət edir. Eyni zamanda transfertin payı azalır. Bu isə Fondun maliyyə baxımından daha dayanıqlı olduğunu göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və dəstək xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsləri ilə reallaşdırılan layihələr sayəsində bu ailələr özlərini təklikdə hiss etmirlər. Bu qayğı cəmiyyətimizdə böyük minnətdarlıqla qarşılanır".

Teleqraf xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bizə edilən müraciətlərin tərkibində əlilliyin ləğvi və məşğulluq məsələləri olur: “Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mütamadi olaraq şifahi və yazılı müraciətlər etməli oluruq. Fürsətdən istifadə edib nazir, müavinləri və bu qurumun əməkdaşları müraciətlərimizin həllinə hər zaman diqqət göstərirlər.

Əlilliyi ləğv edilmiş insanlarla görüşlərimiz zamanı bir neçə məqam diqqətimi çəkir:

- təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini rahat hiss edərlər;
- xəstəxanada müalicə müddətinin qısa olması səbəbindən təkrar müayinə lazım gəlir; bəzən bir necə dəfə təkrar müalicə və müayinə tələb olunur.

Bütün bu proseslərdə tibbi sənədlərin vahid elektron sistemdə toplanması işi asanlaşdıra bilər, əlillik ləğv edildikdən sonra insanlar işə düzəlməkdə çətinlik çəkirlər".

Deputat bildirib ki, əlilliyi ləğv edilən vətəndaş bir gün əvvəl dövlətin dəstəyi ilə yaşayırdı, bir gün sonra isə işsiz qala bilər: "İşəgötürənlər çox vaxt “ixtisasınız uyğun deyil”, “sağlamlığınız buna imkan vermir” deyirlər. Bu vəziyyətdə özünüməşğulluq proqramı ən yaxşı çıxış yoludur. Uzun illərdir özünüməşğulluq proqramı uğurla icra edilir. Sadəcə, bu proqrama əlilliyin ləğv edilməməsindən öncə cəlbedilmə baş tutsa, çox faydalı olar.

Bu proqram insana öz işini qurmağa imkanı verir. O, sağlamlığına və bacarığına uyğun fəaliyyət seçir. Həm özünü təmin edir, həm də cəmiyyətə fayda verir. Dövlət üçün isə bu, uzunmüddətli qənaətdir. Çünki işləyən insan vergi ödəyir, sosial sığorta haqqı verir və özünə inamını qaytarır.
Bu səbəbdən də özünüməşğulluq proqramına ayrılan vəsaitin artırılmasının vacib olduğunu düşünürəm. Büdcədə bu istiqamətə imkanlar var. DOST Agentliyinin fəaliyyətinə 50 milyon manat, sanatoriya-kurort müalicəsinə 25 milyon manat nəzərdə tutulub. Fondun aparatının saxlanmasına isə 189,66 milyon manat ayrılır. Bu vəsaitlərin səmərəli bölgüsü ilə proqram üçün əlavə mənbə tapmaq mümkündür”.