BAKI, 17 noyabr. TELEQRAF

"İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsi, aktiv məşğulluq tədbirlərinin təşkili istiqamətində işsizlikdən sığorta fondu vasitəsilə geniş tədbirlər həyata keçirilir. Belə ki, 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri 268,9 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8% çoxdur".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, işsizlikdən sığorta fondunun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır: “2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 2027-ci il üçün sığorta haqları üzrə daxilolma 30,6 milyon manat və ya 12,9% çox proqnoz edilib.
Sığorta haqları üzrə yığımın 77,7%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir.

Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 50,3 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.
Fondun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur.

2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır.

Əlavə olaraq, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.
2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-nin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir, o cümlədən, işsizlikdən sığorta ödənişi üzrə 36,0 milyon manat vəsait nəzərdə tutulur”.