BAKI, 17 noyabr. TELEQRAF
2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin 7 milyard 586 milyon 500 min manat olacağı proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2 milyard 170 milyon 960 min manatı büdcədən maliyyələşən təşkilatların, 296 milyon 40 min manatı isə həmin təşkilatlarda çalışan şəxslərin payına düşəcək.
Qeyri-büdcə sektoru üzrə sosial sığorta haqlarından daxilolmaların 5 milyard 119 milyon 500 min manat olacağı nəzərdə tutulub. Bu məbləğin 130 milyon manatı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə proqnozlaşdırılıb.
Bundan əlavə, Fondun 2027-ci il büdcəsində sair daxilolmalar üzrə 34 milyon manat, dövlət büdcəsindən ayrılacaq balanslaşdırıcı vəsait üzrə isə 1 milyard 600 milyon manat nəzərdə tutulub.
Qanuna görə, büdcə ili ərzində büdcədən maliyyələşən təşkilatlardan sosial sığorta haqları üzrə daxilolmalar nəzərdə tutulan məbləğdən az və ya çox olarsa, dövlət büdcəsindən ayrılan balanslaşdırıcı vəsait də müvafiq fərq qədər artırılacaq və ya azaldılacaq.