BAKI, 17 noyabr. TELEQRAF

ABŞ-nin “OpenAI” şirkəti robototexnika üzrə ixtisaslaşmış komandasını ləğv edərək əməkdaşlarını digər bölmələrə köçürüb.

Teleqraf xəbər verir ki, bu barədə “Fortune” jurnalı məlumat yayıb.

Bildirilib ki, robototexnika mütəxəssislərinin əksəriyyəti şirkətin ümumi tədqiqat qrupuna, qalanları isə tətbiqi texnologiyalarla məşğul olan bölmələrə keçirilib.

“OpenAI” nümayəndəsi açıqlamasında bu qərarın şirkətin robototexnika sahəsindən imtina etməsi anlamına gəlmədiyini vurğulayıb.

Məlumata görə, yenidən təşkilatlanmanın məqsədi süni intellektin fiziki dünya ilə qarşılıqlı əlaqəsi üzrə mütəxəssislərin bilik və təcrübəsindən “ChatGPT” və “Sora” kimi əsas layihələrdə istifadə etməkdir. Şirkət hesab edir ki, mövcud süni intellekt agentlərinin real dünyanın işləmə prinsipləri barədə anlayışları hələ kifayət qədər inkişaf etməyib.

Yenidən təşkilatlanma şirkətin baş direktoru Sem Altmanın ikinci dərəcəli layihələrdən imtina edərək əsas fəaliyyət istiqamətlərinə diqqət yetirmək çağırışı fonunda baş verib.

“Fortune”un məlumatına görə, şirkət robototexnika sahəsində araşdırmaları davam etdirməyi planlaşdırır.