BAKI, 17 noyabr. TELEQRAF
Avropanın müxtəlif ölkələrindən 18 mindən çox otel Niderlandın onlayn rezervasiya platforması “Booking.com”a qarşı milyardlarla avro təzminat tələbi ilə kollektiv məhkəmə iddiası qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, 18 135 otelin iştirak etdiyi iddia ərizəsinin yekun hissəsi Amsterdam Dairə Məhkəməsinə təqdim olunub. İddiaçıların maraqlarını Niderlandda yaradılmış “Stichting Hotel Claims Alliance” (SHCA) fondu təmsil edir.
Otellər “Booking.com”u uzun illər müqavilələrə qiymət bərabərliyi ilə bağlı məhdudlaşdırıcı şərtlər daxil etməkdə ittiham edirlər. Bu şərtlər otellərin öz saytlarında platformada göstəriləndən daha ucuz qiymət təklif etməsinə imkan verməyib.
Avropa mehmanxana və restoran sənayesi assosiasiyası HOTREC bildirib ki, bu məhdudiyyətlər rəqabət qaydalarını pozaraq otel biznesinə ciddi maliyyə ziyanı vurub.
Bununla belə, məhkəmə prosesi turistlərin əvvəlcədən təsdiqlənmiş rezervasiyalarına təsir etməyəcək. Hüquqşünas Nikol Muçkenin sözlərinə görə, “Booking.com” yalnız vasitəçi olduğundan müqavilə birbaşa müştəri ilə otel arasında bağlanır.
Ekspert turistlərə gələcəkdə otellərin rəsmi saytlarındakı qiymətləri də müqayisə etməyi tövsiyə edib. Hazırkı qaydalar otellərə birbaşa rezervasiya zamanı daha aşağı qiymətlər təklif etməyə imkan verir.