BAKI, 17 noyabr. TELEQRAF
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa vermək qərarına gəldiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Xurelsux son bir ay ərzində müəyyən cinayətkar qrupların onun şərəf və ləyaqətinə, eləcə də prezident institutunun nüfuzuna qarşı hücumlar təşkil etdiyini deyib.
“Prezident xalqın birliyini təmsil edir. Prezidentin şərəfinə hücum xalqın şərəfinə hücum deməkdir. Mən son dərəcə ağır cinayətlə əlaqələndirilərək böhtana və təhqirlərə məruz qalmışam”, – o bildirib.
Dövlət başçısı Demokrat Partiyasının onun istefası və barəsində araşdırma aparılması ilə bağlı tələbini qəbul etdiyini açıqlayıb.
“Qanun qarşısında hamı bərabərdir. Dünən Demokrat Partiyasının qrupu prezidentin istefa verməli və araşdırma aparılmalı olduğu barədə mövqe ortaya qoydu. Mən bununla razıyam”, – Xurelsux vurğulayıb.
O, nüfuzuna xələl gətirən şəxslərin məsuliyyətə cəlb olunacağına və şərəfinin bərpa ediləcəyinə əminliyini ifadə edib.