BAKI, 17 noyabr. TELEQRAF

Türkiyə Qara dəniz vasitəsilə taxıl daşınmalarını bərpa etmək və təhlükəsiz naviqasiyanı təmin etmək üçün Rusiya, Ukrayna və Avropa ölkələri ilə fəal danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən regionlararası təhlükəsizlik üzrə Aİ nazirlərinin görüşünün yekunlarına dair Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib.

"Qlobal bazarlara taxıl tədarükünü bərpa etmək, Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək və dünyanın yoxsul ölkələrinə vacib buğda çatdırmaq üçün yollar üzərində işləyirik. Bizim konkret təkliflərimiz var və onlardan bəzilərini bu gün yekunlaşdırdıq", - deyə o bildirib.

Fidanın sözlərinə görə, Ankara bu məsələləri Qara dənizdəki vəziyyətdən birbaşa təsirlənən Bolqarıstan və Rumıniya ilə müzakirə edir. "Bu gün Bolqarıstan, Rumıniya və Ukraynanın nümayəndələri ilə görüşdük. Bundan əvvəl Rusiya tərəfi ilə də görüşmüşük. Ümid edirəm ki, hazırladığımız formul nəticə verəcək və bu məsələni həll edə biləcəyik", - nazir qeyd edib.

Fidan həmçinin razılaşmaların əldə edilməsindəki çətinlikləri qeyd edərək, xüsusilə Rusiyanın daimi sülh müqaviləsi bağlamadan Qara dənizdə ukraynalılarla müvəqqəti razılaşmada maraqlı olmadığını bildirib.

"Tərəflərin bu vəziyyətdə razılığa gələ biləcəyi bir baza yaratmaq üçün müəyyən fikirlərimiz var. Lakin onları ictimaiyyətlə bölüşmək üçün hələ tezdir. Biz bunları maraqlı tərəflərlə müzakirə edirik", - deyə o bildirib.