BAKI, 17 noyabr. TELEQRAF

"Dövlət sosial müdafiə fondunun 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 897,4 milyon manat və ya 10,8% çoxdur".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Fondun 2027-ci il üçün gəlirlərinin 82,3% və ya 7 milyard 587 milyon manatının MDSS daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin təsdiq edilmiş göstəricisindən 995,4 milyon manat və ya 15,1% çoxdur: “Büdcədən maliyyələşən təşkilatlar üzrə 2027-ci il üçün daxilolmalar 2,5 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 5,1 milyard manat proqnozlaşdırılır.

Qeyri-büdcə sektoru üzrə proqnoz edilən gəlirlər ümumi sosial sığorta haqlarının 67,5%-ni təşkil edir.

Ümumilikdə 2026-cı ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2027-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 17% və ya 357,9 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 14,2% və ya 637,5 milyon manat artımla proqnozlaşdırılmışdır.
2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1,6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiqlənmiş müvafiq göstəricidən 100 milyon manat və ya 5,9% azdır.

Dövlət büdcəsindən ayrılan bu vəsaitin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38%-dən gələn il 17,4%-ə düşməsi proqnozlaşdırılır ki, bu da Fondun özünümaliyyələşdirmə qabiliyyətinin davamlı olaraq artdığını göstərir.

Eyni zamanda, DSMF-nin 2027-ci il üçün büdcə layihəsində Fondun ilin əvvəlinə olan sərbəst vəsaitindən 52,0 milyon manat məbləğində vəsait növbəti ilin xərclərinə yönəldilir”.

Nazir vurğulayıb ki, Fondun 2027-cı il üzrə ümumi xərclərinin 9 milyard 273 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş xərclərindən 789,5 milyon manat və ya 9,3% çoxdur: "Xərclərin 96,5% və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2025-ci illə müqayisədə 1,7 milyard manat, 2026-cı illə müqayisədə isə 753,6 milyon manat çoxdur.

Bu məbləğin 8 milyard 669 milyon manatı əmək pensiyalarının, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.

Qeyd edək ki, hazırki proqnoz göstəricilərinə əsasən 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5% səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnoz edilmişdir.

Buna uyğun olaraq, əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50%, yaşa görə pensiyada isə 53% olması proqnozlaşdırılır”.