BAKI, 17 noyabr. TELEQRAF
Rusiyaya məxsus iki hərbi təyyarə Yaponiyanın Fukuoka prefekturasında yerləşən Okinosima adası yaxınlığında ölkənin hava məkanına daxil olub. Yaponiya Hərbi Hava Qüvvələri buna cavab olaraq, qırıcı təyyarələri havaya qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Yapon qırıcılarının pilotları Rusiya təyyarələrinin ekipajlarına xəbərdarlıq edərək, müvafiq cavab tədbirləri görüblər.
Təyyarələr əvvəlcə Tsusima boğazından keçib, daha sonra Yonaquni adası (Okinava prefekturası) ilə Tayvan arasından uçaraq Sakit okeanın qərb hissəsinə doğru yönəliblər.
“Rusiya təyyarələrinin Yaponiyanın ərazi hava məkanını pozması təkcə ölkəmizin suverenliyinin kobud şəkildə pozulması deyil, həm də təhlükəsizliyimizə təhdiddir. Bu, qətiyyən qəbuledilməzdir. Diplomatik kanallar vasitəsilə Rusiyaya son dərəcə qətiyyətli etirazımızı bildirmiş və bu cür insidentlərin bir daha təkrarlanmamasını tələb etmişik”, - Yaponiya hökumətinin baş katibi Minoru Kixara mətbuat konfransında bildirib.
“The Japan Times”ın yazdığına görə, xarici hərbi təyyarələrin ölkənin ərazi hava məkanına icazəsiz daxil olması son dərəcə nadir hadisədir. Söhbət sahildən 12 dəniz mili (təxminən 22 kilometr) məsafəyədək olan ərazi və ərazi suları üzərindəki hava məkanından gedir.
İnsident ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin cümə axşamı Çinin Şençjen şəhərində APEC sammiti çərçivəsində keçirilməsi planlaşdırılan üçtərəfli görüşü ərəfəsində baş verib.
“The Japan Times”ın ehtimalına görə, bu insident Moskvanın Tokionun reaksiyasını və Yaponiya aviasiyasının operativ müdaxilə sürətini yoxlamaq cəhdi ola bilər.
Son dövrlərdə Yaponiya ilə Rusiya arasındakı münasibətlər Moskvanın casusluqda şübhəli bilinən yapon jurnalisti saxlaması, eləcə də “Japan Tobacco” korporasiyasının aktivlərinə həbs qoyması səbəbindən daha da pisləşib.
Tokio və Moskva Hokkaydonun şimal-şərqində yerləşən dörd ada ilə bağlı uzun müddətdir mübahisə edir. Bu mübahisə İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına mane olub.