BAKI, 17 noyabr. TELEQRAF

Böyük Britaniya ilə Azərbaycan arasında yeni qəbul edilmiş Strateji Tərəfdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında bildirib.

O qeyd edib ki, enerji əməkdaşlığı isə tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır:

“Xlinks” və “Green Energy Corridor Company” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Xəzərin təmiz enerjisinin Avropa bazarına ötürülməsini nəzərdə tutur”.

Diplomat bu istiqamətdə görülən işlərin dəstəklənəcəyini vurğulayıb.

O bildirib ki, tərəflər Azərbaycan şirkətlərinin səhmlərinin Bakı və London fond birjalarında listinqə çıxarılmasını təşviq edirlər:

“Bu məqsədlə iki birja arasında əlaqələrin inkişafına dəstək göstərilir. Bundan başqa, regionun nəqliyyat, infrastruktur və rəqəmsal sektorlarına Britaniya investisiyalarının cəlb edilməsi istiqamətində Azərbaycan tərəfdaşları ilə birgə iş aparılır”.