BAKI, 16 noyabr. TELEQRAF
Moldova hakimiyyəti belaruslu musiqiçi Valeri Didiulinin 26 noyabrda Kişinyovda keçirilməsi planlaşdırılan konsertini ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Moldovanın POINT nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Ukrayna tərəfi bildirir ki, Valeri Didyulya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan fəaliyyətinə və ictimai mövqeyinə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər siyahısına daxil edilib. Bu kontekstdə Ukrayna səfirliyi Moldova Respublikasına girişin və ya sözügedən konsertin keçirilməsinin qarşısının alınması imkanının nəzərdən keçirilməsini xahiş edir", - deyə nəşrin dərc etdiyi XİN sənədində bildirilir. Nəşr həmçinin qeyd edir ki, Kişinyovdakı Ukrayna səfirliyi öz veb saytında Didyulyanın konsertinin ləğv edilməsi qərarına görə Moldova hakimiyyətinə təşəkkür edib.
Bu il Moldova Mədəniyyət Nazirliyi xarici sənətçilərin dəvəti üzərində nəzarəti gücləndirmək qərarına gəlib. Nazirliyin qərarına əsasən, dövlət mədəniyyət müəssisələri və tədbir təşkilatçıları MDB ölkələrindən və ya beynəlxalq ictimaiyyət tərəfindən silahlı təcavüzə görə qınanılan ölkələrdən sənətçiləri dəvət etmək planları barədə əvvəlcədən hakimiyyət orqanlarına məlumat verməlidirlər.