BAKI, 17 noyabr. TELEQRAF

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib".

Teleqraf xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bununla əlaqədar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb: "İcbari tibbi sığorta fondu əhalinin sağlamlığının qorunmasının maliyyə təminatını formalaşdıran, vətəndaşların tibbi xidmətlərə, dərman və tibb vasitələrinə əlçatanlığını təmin edən əsas sosial müdafiə mexanizmlərindən birinə çevrilib. İcbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur.

Fondun 2027-ci il üçün gəlirlərinin 50,6%-i və ya 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqlarından daxilolmalar üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 141,6 milyon manat və ya 14,2% çoxdur.
İcbari tibbi sığorta haqlarından daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşür.

Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması məqsədilə 2027-ci ildə Fonda dövlət büdcəsindən 200,0 milyon manat və ya 22,2% çox olmaqla, 1,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 723,0 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur”.

Anar Əliyev vurğulayıb ki, Fondun 2027-ci il üzrə ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7% çoxdur: "Xərclərin 2 milyard 565 milyon manatı və ya 86,1%-i tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərcləri üçün nəzərdə tutulub.

Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185,0 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin rəqəmsal infrastrukturunun qurulması üçün 105,0 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.