BAKI, 17 noyabr. TELEQRAF

“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ-ın nəqliyyat naziri Şon Daffini Federal Aviasiya Administrasiyası (FAA) üçün təklif olunan pulsuz “Starlink” peyk rabitəsi xidmətindən imtina etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Daha əvvəl də dediyim kimi, Daffiyə FAA üçün pulsuz ‘Starlink’ xidməti təklif olunmuşdu, lakin o, buna ehtiyac olmadığını bildirmişdi. Göründüyü kimi, buna ehtiyac var imiş”, – Mask yazıb.

O, paylaşımına 2025-ci ilin fevralında FAA-nın proqram təminatını köhnəlmiş və imkanları sürətlə azalan sistem kimi qiymətləndirdiyi açıqlamasını da əlavə edib.

Maskın bəyanatı ABŞ-də hava nəqliyyatının fəaliyyətində baş verən genişmiqyaslı nasazlıqlar fonunda səsləndirilib.

Xatırladaq ki, noyabrın 13-də rabitə sistemindəki nasazlıq səbəbindən ABŞ üzrə bütün uçuşlar dörd saatdan çox dayandırılıb. Noyabrın 13-14-də 10 mindən çox aviareys ləğv edilib.

Nəqliyyat naziri Şon Daffi hadisəni hava hərəkətinin idarə olunmasında istifadə edilən köhnəlmiş sistemin həddindən artıq yüklənməsi ilə izah edib.