BAKI, 17 noyabr. TELEQRAF

İran hakimiyyəti ölkədə davam edən şiddətli quraqlıq şəraitində süni yağış yağdırılması üçün buludların toxumlanması texnologiyasından istifadə etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Buludların toxumlanması prosesində gümüş və ya kalium kimi reagentlər təyyarələrdən və ya yerüstü qurğulardan atmosferə səpilir. Bu maddələr su buxarının sürətlə kondensasiyasına və yağışın yağmasına şərait yaradır.

Şənbə günü bu üsul Urmiya gölünün üzərində tətbiq olunub. İranın ən böyük duzlu gölü olan Urmiya son illərdə ciddi dərəcədə kiçilib və quraqlıq səbəbindən qismən duzlaqlığa çevrilib.

Agentliyin məlumatına görə, yaxın günlərdə buludların toxumlanması işləri Urmiya gölü ilə həmsərhəd olan Şərqi və Qərbi Azərbaycan vilayətlərində də davam etdiriləcək.

İran Meteorologiya Təşkilatı bildirir ki, ölkədə bu il yağıntıların həcmi adətən müşahidə olunan göstəricidən 89% az olub. Buludların toxumlanması metodu artıq bir neçə onillikdir tətbiq olunur və su çatışmazlığı ilə mübarizədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində geniş istifadə edilir.