​BAKI, 6 aprel. TELEQRAF

Bu gün keçirilən Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayında səslərin sayılması başa çatıb.

Teleqraf xəbər verir ki, qurultay nəticələrinə əsasən, 1171 səs toplayan Özgür Özəl yenidən partiyanın sədri seçilib.

Ümumilikdə 1323 nümayəndənin səs verdiyi qurultayda 1171-i etibarlı, 105-i isə etibarsız olmaqla səslər qeydə alınıb. Səslərin əksəriyyətini qazanan Özgür Özəl CHP-nin yeni dönəmdə də rəhbəri olacaq.

***

15:21

Türkiyənin əsas müxalifət təşkilatı - Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar (21-ci) qurultayı keçirilir.

Teleqraf xəbər verir ki, toplantıya Dənizli Böyükşəhər Bələdiyyəsinin rəhbəri Bülent Nuri Çavuşoğlu sədrlik edir.

Qurultay nümayəndələri partiya sədri ilə yanaşı, CHP Məclisi və Nəzarət-Təftiş Komissiyasının üzvlərini də seçəcəklər.

Qurultaya keçmiş partiya sədrləri Altan Öymen, Hikmət Çətin, Kamal Kılıçdaroğlu və keçmiş SHP rəhbəri Murat Karayalçın da qatılıb.

Qurultaydan əvvəl Kamal Kılıçdaroğlu sədrliyə namizəd ola biləcəyini bildirsə də, son açıqlamasında bu niyyətindən vaz keçdiyini söyləyib.

Başlanğıcda sədrliyə üç namizədin (Özgür Özel, Antalya Muratpaşa Bələdiyyəsinin sədri Ümit Uysal və keçmiş millət vəkili Berhan Şimşek) qatılması gözlənilsə də Ümit Uysal namizədlikdən imtina etdiyini açıqlayıb. O, partiyasına zərər verməmək üçün belə bir addım atdığını bildirib. Berhan Şimşek isə namizədliyini rəsmiləşdirmək üçün tələb olunan imza sayını toplaya bilməyib. Bununla da Özgür Özel partiya sədrliyinə yeganə namizəd olub.

Zalda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan və hazırda həbsdə olan Ekrem İmamoğlu üçün simvolik yer ayrılıb. Oturacaqda “Prezidentliyə namizəd” sözləri yazılan plakat qoyulub.