BAKI, 7 aprel. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahunun Budapeştə gəlməsindən bir neçə saat əvvəl Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) rəsmi olaraq Macarıstan hökumətindən onun həbsini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Kanal 12” (İsrail) məlumat yayıb.

Məlumatda deyilir ki, Haaqa məhkəməsi Macarıstana Netanyahunun həbsini tələb etməsinin səbəblərini və lazımi addımların məxfiliyinin qorunmasının vacibliyini bildirib.

Telekanal Haaqa məhkəməsinin Netanyahunun saxlanması üçün Macarıstana uzun və ətraflı məktub göndərdiyini və Budapeşti məhkəmə ilə əməkdaşlığa çağırdığı qeyd olunur.

Macarıstan BCM-in tələbini rədd edib.

Macarıstan Baş naziri Viktor Orban ötən həftə baş tutan səfərdən aylar öncə Benyamin Netanyahuya təhlükəsiz səfər vədini vermiş, beynəlxalq məhkəmənin qərarının icra olunmayacağını söyləmişdi. Üstəgəl, Orban israilli həmkarı ilə Budapeştdə görüşündə ölkəsinin BCM-dən çıxma prosesinin başladığını açıqlamışdı.

Xatırladaq ki, BCM ötən ilin noyabrında Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Qallantı Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edərək, barələrində həbs qərarı vermişdi.