BAKI, 7 aprel. TELEQRAF

"Mən bir aktyor kimi "Ayıq sürücü" filmindəki Buzovna qəsəbəsinin adının o şəkildə hallanmasına etiraz etdim".

Bunu Teleqraf-a açıqlamasında Əməkdar artist Mirzə Ağabəyli deyib.

"Filmin rejissoru Elvin Rüstəmzadə ilə görüşdüm, o mənə dedi ki, günahım yoxdur. "Ayıq sürücü"nün ssenari müəllifi isə Əli Ucala aiddir. Halbuki bu məsələyə rejissor daha məsuliyyətli yanaşmalı idi. Filmdə əxlaqsızlıq təbliğ edilir. "Buzovnada xalanın yanına keyfə gedirəm" ifadəsini necə işlətmək olar?! Buzovna qəsəbəsinin adı-sanı, ağsaqqalı var. Məsələn, "Yuxu", "Bir cənub şəhərində" filmləri Buzovnada çəkilib. Buzovna sakinləri namuslu insanlardır. Qəsəbədə yerləşən küçədə evin ünvanını bildirmək nə dərəcədə düzgündür? Buna görə günahkardırlar", - deyə qeyd edib.

Mirzə Ağabəyli ötən gün filmdən Buzovna qəsəbəsinin adı çıxarılmasını xatırladaraq deyib: "Hətta kinoşünas Aydın Kazımzadə da bildirdi ki, ya film tamam silinməli, ya da Buzovna qəsəbəsinin adı çıxarılmalıdır. Film heyətinə etirazlar oldu və dünən həmin hissə çıxarıldı. Qeyd etdim ki, SSRİ xalq artisti Nəcibə Məlikova, məşhur qaboy ifaçısı Kamil Cəlilov, şair-qəzəlxan Azər İmaməliyev Buzovnadandır. Belə məşhurlar yetişdirən bir qəsəbəyə qarşı necə hörmətsizlik edə bilərsiniz?

Buzovnada 20-ə qədər film çəkilib, mən də onların koordinatoru olmuşam.

Filmin sonunda qeyd ediblər ki, çəkilişdə kömək etdiklərinə görə Buzovna sakinlərinə təşəkkür edirik. Yəni sakinlərə hörmətlə yanaşılıb.

Filmin ssenari müəllifi Əli Ucala oğlum mənim adımdan müraciət etdi və xahiş etdi ki, filmdən Buzovna qəsəbəsinin adı çıxarılsın. Buzovna sakinlərinin etirazından sonra, nəhayət, məsələ həllini tapdı. Biz Milli Məclisə Azərbaycan kino sahəsinin qorunması üçün müraciət etməyi düşünürük".

Qeyd edək ki, "Ayıq sürücü" filmində "Xala Buzovnada qalır” ifadəsini sakinlər təhqir kimi qiymətləndirilib. Onlar Buzovna qəsəbəsinin adının və küçənin filmdən çıxarılmasını tələb ediblər. Ötən gün onların tələbi yerinə yetirilib.