BAKI, 7 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXIX turun son günündə “Şamaxı” və “Neftçi” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçda ilk qolu 42-ci dəqiqədə Ramil Şeydayev Fillip Ozobiçin qazandığı penaltidən vurub. 89-cu dəqiqədə Ozobiç Şeydayevin məhsuldar ötürməsindən sonra oyunda son nöqtəni qoyub.

Qonaqların futbolçusu Emil Səfərov zədələnərək 19-cu dəqiqədə Aleks Fernandeslə əvəzlənib. Rəhman Hacıyev isə 61-ci dəqiqədə meydana daxil olduqdan 2 dəqiqə sonra başından zədə alıb. O, matçın qalan bölümünü başı sarıqlı halda keçirib.

Bu nəticədən sonra Samir Abasovun komandası xallarını 35-ə çatdıraraq 5-ci yerdə qərarlaşan “Sabah”la xal fərqini minimuma endirib. Ayxan Abbasovun kollektivi isə 28 xalla 8-ci pillədə yer alır.

Qeyd edək ki, turun son qarşılaşmasında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Bu gün "Liv Bona Dea Arena"da baş tutacaq görüş saat 18:00-da start götürəcək.