BAKI, 7 aprel. TELEQRAF

“Məlum olduğu kimi Mədəniyyət Nazirliyin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsidir”.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Attestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfindən aparılıb. Müvafiq video qeydlər, arxivlər yaradılıb. Komissiyalarda Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriyanın nəznində Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası və digər bədii təhsil ocaqlarından peşəkar mütəxəssislər təmsil olunub. Komissiyalar tərəfindən hər hansı müəllimin səriştə bacarığı tam yararsız kimi qiymətləndirilibsə, yəni 5 mümkün baldan heç birini yığa bilməyibsə, o zaman həmin müəllimin əmək funksiyasına xitam veriləcək. Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan 2 lehinə və 3 əlehinə səs yığmış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulur”, - qeyd olunub.

Nazirlikdən bildirilib ki, həmin müəllimlər bu təlimləri keçdikdən sonra təkrar attestasiya olunacaqlar: “Attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqlar tam onların hüququ olaraq saxlanılır. Onlar bu imtahanlarda iştirak edə bilərlər”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə müəllimlərin attestasiyası keçirilib. Attestasiyadan keçə bilməyən müəllimlər etiraz edərək, prosesin qeyri-şəffaf keçdiyini iddia edirlər.