BAKI, 4 noyabr. TELEQRAF
“Ermənistan Silahlı Qüvvələrində ölüm halları müxtəlif səbəblərdən baş verir və onları eyni müstəvidə qiymətləndirmək mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sülh dövründə hərbi qulluqçuların ölüm və intihar hallarının artması ilə bağlı sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, hərbi qulluqçular arasında ölüm hallarının qarşısının alınması istiqamətində müvafiq işlər aparılır.
Belə halların qarşısını almaq üçün konkret hansı tədbirlərin görüldüyü barədə suala Asryan belə cavab verib: “Müvafiq işlər görülür”.
Jurnalistlərin görülən tədbirlərlə bağlı ətraflı məlumat vermək xahişinə cavab olaraq o, bunun üçün xeyli vaxt tələb olunduğunu deyib. Baş Qərargah rəisi vurğulayıb ki, hərbi qulluqçuların ölümü hərbi rəhbərliyi də narahat edir: “Bu məsələ təkcə cəmiyyəti deyil, bizi də narahat edir. Elə ən çox bizi”.
Ölüm hallarının səbəblərinə toxunan Edvard Asryan şəxsi heyət arasındakı münasibətləri, maliyyə və sağlamlıq problemlərini qeyd edib. O, hərbi qulluqçuların ölümü ilə bağlı ümumi kontekstdə xidmətlə əlaqəsi olmayan halları və yol-nəqliyyat hadisələrini də xatırladıb.