BAKI, 3 noyabr. TELEQRAF

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Edvard Asryan İrəvanda Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-leytenant Georgi Matiaşvili ilə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Silahlı Qüvvələrdə islahatlar və transformasiya prosesində təcrübə mübadiləsi imkanlarını nəzərdən keçiriblər.

Həmsöhbətlər hərbi təhsil, şəxsi heyətin hazırlığı, birgə hərbi təlimlərdə iştirak, informasiya mübadiləsi, eləcə də xüsusi təyinatlı qüvvələrin və ərazi müdafiəsinin fəaliyyəti də daxil olmaqla, müxtəlif istiqamətlər üzrə peşəkar təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Qarşılıqlı səfərlər və yüksək səviyyəli müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Georgi Matiaşvili Ermənistan müdafiə naziri Suren Papikyanla da danışıqlar aparıb. Görüşdə müdafiə sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.