BAKI, 25 iyun. TELEQRAF

“Azərbaycan və Ermənistan tərəfindən imzalanmış və ratifikasiya edilmiş delimitasiya üzrə əsasnamə məcburi hüquqi qüvvəyə malikdir. Məhz bu, bizim ərazi bütövlüyümüzün tanınmasının sübutudur, haqqında danışdığımız Ermənistanın həmin “kadastr şəhadətnaməsi”dir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Pashinyan jurnalistin hakimiyyətin nəhayət dövlətin “kadastr şəhadətnaməsi”ni tapıb-tapmadığı barədə sualını cavablandırarkən deyib.

Jurnalist Baş nazirə “həmin sənəd olmadan Ermənistandan onu sökməyi tələb edə bilərlər” sözlərini xatırladıb.

Paşinyan ölkə sərhədlərinin axtarılması ilə bağlı sualdan təəccübləndiyini bildirib və Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə əsasnaməsinin ratifikasiya edilməsinin əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, əvvəllər yanlış olaraq Azərbaycan və Türkiyənin Ermənistanı yox etmək niyyətində olduğuna inanıb.

“Məhz o zaman başa düşdüm ki, konseptual olaraq səhvə yol veririk. O zaman həm də düşünürdük ki, kimsə gəlib bizi bu təhlükədən qoruyacaq. Elə həmin vaxt bütün siyasi formulalarımız dəyişdi və həmin təhlillərin nəticəsində qaldırdığınız sualların demək olar ki, hamısına cavab verən “Real Ermənistan” ideologiyası yarandı”.

Paşinyan əlavə edib ki, yeni konsepsiya yalnız Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə əsaslanır.