BAKI, 10 noyabr. TELEQRAF

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) “Nvidia” şirkətinin baş direktoru Censen Huanq ətrafında yaranmış casusluq qalmaqalını araşdırır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

“Biz bu məsələni aydınlaşdıracağıq. Bildiyimə görə, FTB hadisəni bir qədər fərqli kontekstdə araşdırır. Düşünürəm ki, onun üçün hər şey yaxşı olacaq”, – Tramp deyib.

ABŞ liderindən Huanqın münasibətdə olduğu qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları gələn həftə APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə müzakirə edib-etməyəcəyi soruşulub.

“Xeyr, düşünmürəm. Ola bilsin, Si Cinpin özü bu barədə məndən soruşsun. Mən Censeni çox yaxşı tanıyıram. Onu olduqca dürüst insan hesab edirəm. O, möhtəşəm Amerika şirkəti yaradıb”, – Tramp bildirib.

Prezidentin sözlərinə görə, Huanq münasibətdə olduğu qadının casusluqda şübhəli bilinməsindən xəbərsiz olduğunu deyib.

“Bu gün onunla danışdım. Həmin şəxsin casus olması barədə heç bir məlumatının olmadığını qəti şəkildə bildirdi. Mən ona inanıram”, – ABŞ lideri əlavə edib.

Bundan əvvəl “Nvidia”nın Direktorlar Şurasının Huanqın Çin kəşfiyyatına işləməkdə ittiham olunan qadınla münasibətləri ilə bağlı araşdırmaya başladığı bildirilmişdi.

Şirkət rəhbəri elektron məktubunda həmin qadınla romantik münasibətdə olduğunu etiraf edərək davranışlarına görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb.

Çin Xarici İşlər Nazirliyi isə qadının ölkənin kəşfiyyat orqanları ilə əlaqəsi barədə iddiaları böhtan və əsassız fərziyyə adlandıraraq rədd edib.