BAKI, 9 noyabr. TELEQRAF
İranın rəsmi şəxsləri 8 milyard dollarlıq dondurulmuş aktivlərin sərbəst buraxılması müqabilində Hörmüz boğazının yenidən açılması barədə danışıqların aparılmasına dair yayılan məlumatları təkzib ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyinə adı açıqlanmayan İran rəsmisi məlumat verib.
Mənbənin sözlərinə görə, Tehran rəhbərliyi Vaşinqtonla hər hansı təmas və ya müzakirə üçün irəli sürdüyü 7 əsas şərtin yerinə yetirilməsində israrlıdır və yalnız bu çərçivədə aparılacaq danışıqları qəbul edəcək.
Qeyd edək ki, bundan əvvəl bəzi beynəlxalq media qurumları İsrailin “Israel Hayom” qəzetinə istinadən ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşərək İranın sözügedən təklifini müzakirə edəcəyini iddia etmişdilər.
Tehranın Vaşinqtona ötürdüyü 7 şərt arasında dəniz blokadasının qaldırılması, Hörmüz boğazından ticarət və neft gəmilərinin təhlükəsiz keçidinə zəmanət verilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracı üçün güzəştlərin edilməsi, dondurulmuş vəsaitlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində qalması və müharibənin dayandırılması bəndləri yer alır.