BAKI, 10 noyabr. TELEQRAF
Noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar zamanı dörd Avropa ölkəsinin nümayəndəsi də şəhərdə olacaq. Lakin onlar birbaşa danışıqlar masasında iştirak etməyəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyanı kanslerin xarici siyasət üzrə müşaviri Günter Zautter təmsil edəcək. Böyük Britaniyadan isə Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin iştirak edəcəyi gözlənilir.
İtaliyanın Baş naziri Corcia Meloninin müşaviri Fabrizio Saccio və Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri Emmanuel Bonnun da Əbu-Dabiyə gedə biləcəyi bildirilir.
Bundan əvvəl “Euronews” NATO-nun Baş katibi Mark Rüttenin aparat rəhbəri və strateji məsələlər üzrə müşaviri Ceffri van Levenin də Ukraynaya dəstək qrupuna qoşulacağını açıqlayıb.
Avropa Komissiyası isə qurumun sədri Ursula fon der Lyayenin aparat rəhbəri Byörn Zaybertin və Avropa İttifaqı Şurasının nümayəndəsinin Əbu-Dabiyə göndəriləcəyini təsdiqləyib.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov başçılıq edəcək.
Kremlin sözçüsü Dmitri Peskov danışıqların təhlükəsizlik zəmanətlərinə həsr olunacağını və müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyini bildirib. O, əvvəlcədən razılaşdırılmış üçtərəfli format səbəbindən Avropa nümayəndələrinin danışıqlarda birbaşa iştirakının mümkün olmadığını vurğulayıb.