BAKI, 10 noyabr. TELEQRAF

Paraqvay polisi və prokurorluğu ölkənin sabiq prezidenti Santyaqo Penyanın paytaxt Asunsiondakı evində axtarış aparır.

Teleqraf xəbər verir ki, bu barədə Paraqvayın “ABC Color” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, axtarışlar təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə nəticələnən “Ueno Bank” böhranı ilə bağlı aparılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyonun da evinə gediblər.

Bundan əvvəl Penyanın San-Bernardino kurort şəhərində yerləşən iqamətgahında axtarış keçirildiyi bildirilmişdi. Qəzetin iddiasına əsasən, orada gizli saxlanc yeri aşkarlanıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik həmin yerə daxil ola bilməyiblər.

Məlumata görə, noyabrın 6-da Paraqvay Senatı “Ueno Bank” qalmaqalı ilə əlaqədar Penyanın impiçmentini təsdiqləyib. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra saxlanılan sabiq prezidentə etimaddan sui-istifadə və vəzifə səlahiyyətlərindən şəxsi maraqlar naminə istifadə ittihamları irəli sürülüb.

İstintaq dövlət və pensiya vəsaitlərinin bankda yerləşdirilməsi, eləcə də maliyyə qurumuna nəzarət zamanı yol verilmiş mümkün qanun pozuntularını araşdırır.

Qeyd edək ki, noyabrın 3-də Paraqvay Mərkəzi Bankı “Ueno Bank”da xarici idarəetmə tətbiq edib və nəticədə bütün hesablar dondurulub.

“ABC Color”un noyabrın 9-da yayımladığı ilkin xəbərdə axtarışın Asunsionun Mburukuya məhəlləsindəki evdə aparıldığı təsdiqlənir. Nəşr Penyanın hazırda Prezident Mühafizə Alayında saxlanıldığını da bildirir.