BAKI, 10 noyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron beşqat Olimpiya çempionu, cüdoçu Teddi Rinerin 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək qərarını alqışlayıb.
Teleqraf xəbər verir ki, Makron bu barədə “France 5” telekanalına müsahibəsində bildirib.
“Teddi Riner kimi böyük çempionun prezident seçkiləri ilə bağlı müzakirələrə qoşulmaq, öz baxışlarını, ideyalarını və istedadını bölüşmək qərarına çox sevinirəm. Bu, şübhəsiz ki, ölkəmizin xeyrinə olacaq”, – Fransa lideri deyib.
Makron Rinerin ilk siyasi bəyanatlarını və seçki perspektivlərini şərh etməkdən imtina edərək prezident seçkiləri kampaniyasına müdaxilə etməyəcəyini vurğulayıb.
O, idmançını “ölkənin qüruru” adlandırıb və dövlətin siyasi həyatının yalnız peşəkar siyasətçilərə məxsus olmadığını bildirib. Makron Rinerin qərarını özünün 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürməsi ilə müqayisə edib.
Qeyd edək ki, 37 yaşlı Teddi Riner daha əvvəl yayımladığı videomüraciətdə prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Siyasi təcrübəsinin olmadığını etiraf edən idmançı Fransanın iqtisadi və sosial problemlər, eləcə də cəmiyyətdəki parçalanma fonunda yeni yanaşmaya ehtiyac duyduğunu bildirib.
“Harris Interactive” şirkətinin noyabrın 9-da keçirdiyi sorğuda iştirak edən min nəfərin 10 faizi Rinerə səs verə biləcəyini bildirib. Şirkət bunun seçki nəticələri üzrə proqnoz deyil, namizədlərin potensial dəstəyini ölçən sorğu olduğunu vurğulayıb.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci il aprelin 18-nə, mümkün ikinci turu isə mayın 2-nə planlaşdırılıb.