BAKI, 10 noyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron uşaqlar və yeniyetmələr üçün təhlükə yaradan bəzi süni intellekt modellərinin istifadəsinin qadağan oluna biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Makron “Les Echos” qəzetinə müsahibəsində danışıb.
“Əgər süni intellektdən istifadənin müəyyən formaları uşaqlar üçün risk yaradırsa, onları qadağan etmək lazımdır”, – Fransa lideri bildirib.
Makron sosial şəbəkələrin yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırılması istiqamətində irəli sürdüyü təşəbbüsə bənzər addımların süni intellekt sahəsində də atılacağını vurğulayıb.
Onun sözlərinə görə, elmi ictimaiyyət süni intellektlə qarşılıqlı əlaqənin hansı formalarının uşaqlar və yeniyetmələr üçün təhlükəli olduğunu müəyyənləşdirməlidir.
Prezident süni intellekt sahəsində tənzimləmələrin olmamasını “Vəhşi Qərb”lə müqayisə edib və zərurət yaranarsa, zərərli modellərin tamamilə qadağan edilməsinin mümkünlüyünü qeyd edib.
“Biz hökumətlər və şirkətlərlə birlikdə ilkin audit və sertifikatlaşdırma prinsipinə əsaslanan ilk xartiyanı hazırlayırıq”, – Makron deyib.
Fransa liderinin sözlərinə görə, uşaqların süni intellektdən təhlükəsiz istifadəsini tənzimləyən sənəd noyabrın 10-11-də keçiriləcək Paris Sülh Forumunda təqdim olunacaq.
Fransa hakimiyyəti təşəbbüsün Avropa səviyyəsində tətbiqinə, həmçinin ABŞ, Kanada və digər ölkələrin bu prosesə cəlb edilməsinə çalışacaq.