BAKI, 10 noyabr. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-ni Tehranla danışıqlar barədə saxta məlumatlar yaymaqda ittiham edib.

Teleqraf xəbər verir ki, Rzayi bu barədə "Teleqram" kanalında paylaşım edib.

“İrana qarşı müharibə artıq ABŞ hökumətini sarsıdıb. Lakin Vaşinqton çıxılmaz vəziyyətə düşmüş oyunçu kimi davranır. Kartlarınızı yerə qoyun. Guya aparılan danışıqlar barədə saxta xəbərlər uydurmağı dayandırın. Qərbi Asiyada formalaşan yeni nizamı inkar etməyin. İranın dəfələrlə irəli sürdüyü yeddi şərti qəbul etməyin vaxtıdır”, – o bildirib.

Rzayi Vaşinqtonu Tehranın irəli sürdüyü şərtlərlə razılaşmağa çağırıb.

Bundan əvvəl Türkiyənin “Türkiye” qəzeti Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalına istinadla Qətərdə İran və ABŞ nümayəndələri arasında görüşün planlaşdırıldığını yazıb.

Məlumata görə, gələn həftə keçirilməsi nəzərdə tutulan danışıqlarda Möhsün Rzayi və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iştirakı gözlənilir.