BAKI, 10 noyabr. TELEQRAF

Mərakeş və İsrail müdafiə sahəsində əməkdaşlığı gücləndirmək, hərbi texnika və texnologiya mübadiləsini genişləndirmək barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələrinin Baş Qərargahı və Krallığın Milli Müdafiə İdarəsinin birgə bəyanatında bildirilib.

Bəyanat İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baramın Mərakeşin paytaxtı Rabata səfəri çərçivəsində yayılıb.

Səfər zamanı Baram Mərakeşin milli müdafiə məsələləri üzrə məsul naziri Əbdüllətif Ludiy və Silahlı Qüvvələrin baş müfəttişi Məhəmməd Berid ilə görüşüb.

Tərəflər məxfi hərbi məlumatların qorunması, kibertəhlükəsizlik, təcrübə mübadiləsi və hərbi kadrların hazırlanması sahələrində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Görüşlərdə hərbi texnika və müasir texnologiyaların alınması, eləcə də müdafiə sənayesinin inkişafı istiqamətində əldə olunan irəliləyişlər müzakirə edilib.

İki ölkə birgə hərbi komissiya tərəfindən təsdiqlənmiş fəaliyyət planının həyata keçirilməsi barədə də razılığa gəlib.

Qeyd edək ki, Mərakeş və İsrail arasında diplomatik münasibətlər 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə imzalanmış İbrahim razılaşmaları çərçivəsində qurulub. 2026-cı ilin sentyabrında isə tərəflər diplomatik münasibətlərin səviyyəsini yüksəltmək, nümayəndəliklərə səfirlik statusu vermək və səfirlər təyin etmək barədə razılığa gəliblər.