BAKI, 8 noyabr. TELEQRAF
“Orta Dəhliz Gürcüstan və Çin arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu, Çinlə Avropa arasında əlaqə yaradan etibarlı tranzit dəhlizi kimi mühüm əhəmiyyət daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Gürcüstan və Çin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Nazir Orta Dəhliz çərçivəsində Anakliya dərin dəniz limanının mühüm rolunu da xüsusi vurğulayıb:
“Bu kontekstdə Qara dənizdə Orta Dəhlizin qapısına çevriləcək Anakliya dərin dəniz limanı xüsusi əhəmiyyət kəsb edir. Liman Çin, Mərkəzi Asiya və Avropa arasında ticarətdə mühüm strateji rol oynayacaq”.
Mariam Kvrivişvili ilə yanaşı görüşdə Gürcüstan Baş naziri İrakli Kobaxidze və Çin sədrinin müavini Xan Çjen də iştirak edib.