BAKI, 10 noyabr. TELEQRAF
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa hər gün zəng edərək İrana qarşı hərbi əməliyyatların bərpasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumatlı mənbəyə istinadla yazıb.
“Netanyahu hər gün Trampa zəng edərək müharibənin yenidən başlanmasını tələb edir. Ağ Evdə və onun xaricində müharibə istəməyən şəxslər isə bunun qarşısını almağa çalışırlar. Region liderləri Trampı gərginliyi artırmamağa və Tehranla danışıqlara üstünlük verməyə çağırırlar”, – mənbə bildirib.
Nəşrin məlumatına görə, Vaşinqtonda İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı fikir ayrılıqları mövcuddur. Bir qrup rəsmilər diplomatik həll yolunu dəstəkləyərək ABŞ prezidentini danışıqları davam etdirməyə inandırmağa çalışırlar.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək genişmiqyaslı zərbələri bərpa edib.
Bundan sonra Vaşinqton İrana qarşı irimiqyaslı hərbi əməliyyatları məhdudlaşdıraraq iqtisadi sanksiyalar vasitəsilə təzyiq siyasətinə üstünlük verməyə başlayıb.