BAKI, 6 may. TELEQRAF

“Robert Köçəryan, Qaqik Sarukyan və ya Samvel Karapetyanın Ermənistanda hakimiyyətə gəlişində maraqlı olan Rusiya yeni müharibədə də maraqlıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Qaqik Melkonyan deyib.

Deputatın sözlərinə görə, Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyətlərindən sonra Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi qalxıb, dünya ölkəyə maraq göstərməyə başlayıb:

“Bu gün isə Ermənistana investisiya qoyuluşundan danışılır, bura gəlirlər, çünki müharibə və təhlükə yoxdur, hər şey yeni başlayır. Lukaşenko bizi dövlət hesab etmirdi, deyirdi ki, ermənilər əlimizdən hara qaçacaqlar, gedəcəkləri yer yoxdur. Amma indi müstəqilik, ruslar bizi nə qədər qorxutsalar da, öz yolumuzla gedə bilirik”.

Melkonyan qeyd edib ki, Rusiya öz məqsədləri naminə Ermənistanı qonşu ölkələrlə düşmən edib:

“Ermənistan liderləri düşünürdülər ki, Rusiya bizim “atamızdır”. Amma artıq bu “atalıq” bitir. Medvedev bütün günü içib bu barədə danışır. Əgər bizim üzümüzü görmək istəmirlərsə, qoy görməsinlər, ticarət etmək istəmirlərsə, qoy etməsinlər”.

Hakim partiyanın üzvü əlavə edib ki, rusiyalı oliqarx, Ermənistan baş nazirliyinə namizəd Samvel Karapetyan heç vaxt Rusiyanın maraqlarından imtina etməyəcək, çünki onun bütün var-dövləti oradadır:

“Onlar bizim əyalət olmağımız və boyunduruq altında qalmağımız üçün Rusiya uğrunda vuruşurlar. Əgər Robert Köçəryan, Samvel Karapetyan və ya Qaqik Sarukyan hakimiyyətə gəlsə, Rusiya yenidən Ermənistan və Azərbaycan arasında müharibə başladacaq. Xalq Köçəryana ikrah edir, ondan iyrənir, geriyə yol yoxdur. Xalq bizə (Nikol Paşinyan və partiyasına) səs verəcək ki, sülh olsun, əks halda bir gün Larsı, bir gün isə qaz kəmərini bağlayacaqlar”.