BAKI, 3 noyabr. TELEQRAF

“Konstitusiya İslahatları Şurasının ləğvi üçün heç bir zərurət görmürəm. Əslində, yeni konstitusiyanın mətninin dərc olunması şuranın daha intensiv işləməsini tələb edir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı ədliyyə naziri Srbuhi Qalyan deyib.

“İndiyədək mətnin müddəalarının təxminən 80 faizi şura ilə müzakirə olunub. Qalan 20 faizi də çatdıra bilsək, şura üzvlərinə digər müddəaları göndərəcəyimə söz vermişəm və mətn dərc olunana qədər onları müzakirə edəcəyik. Buna vaxt çatmasa, müzakirələr mətn dərc edildikdən sonra da davam edəcək. Çünki dəfələrlə qeyd etdiyim kimi, dərc olunacaq layihə ilkin xarakter daşıyacaq. Yəni bu, dəyişikliklərə və təkmilləşdirmələrə açıq olan layihə olacaq.

Mən bütün mətnin şuranın təsdiqinə təqdim edilməsinin tərəfdarıyam. Əslində, bunu “təsdiq” də adlandırmazdım. Ötən il işin formatını bir qədər dəyişdirdik, çünki hər bir məsələni səsverməyə çıxarsaydıq, işin tempi zəifləyərdi. Bir çox məsələləri birlikdə müzakirə etmişik, bəzi məsələlər üzrə səsvermə keçirilib, digərləri üzrə isə keçirilməyib. Şuranın tərkibi də elədir ki, konsensus variantının əldə olunacağını təsəvvür etmək, əslində, çətindir”, - o bildirib.

Xatırladaq ki, Ermənistanın yeni konstitusiyasının mətninin noyabrda dərc olunacağı gözlənilir.