BAKI, 30 aprel. TELEQRAF

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, Baş nazir Nikol Paşinyana müxalif olanlar Azərbaycanla sülh quruculuğunun əleyhinə olduqlarını gizlətmirlər”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, seçki kampaniyasını genişləndirməyə çalışan eks-prezident Robert Köçəryan son müsahibələrindən birində “Tramp Marşrutu”nun Ermənistana gəlir gətirməyəcəyini iddia edib:

“Radikallarla əlaqəli saytlar da oxşar yazılar yayımlayaraq qeyd edirlər ki, guya Yaxın Şərqdəki hadisələrin fonunda “Tramp Marşrutu”nun reallaşması sual altındadır, Vaşinqtonun bu layihəyə marağı azalıb, Avropa İttifaqı bu yolun əleyhinədir. Halbuki həmin dəhlizlə daşınacaq yüklərin son ünvanı məhz Avropa olacaq.

Nikol Paşinyanın parlamentdəki çıxışlarının birində rəqiblərinə bu sualları ünvanlaması yerində olar:

“Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının əleyhinəsizmi?”;

“Ermənistan Azərbaycandan yanacaq almamalıdırmı?”;

“Rusiya və Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasının əleyhinəsizmi?”;

“Ermənistanı Azərbaycanla birləşdirən nəqliyyat yollarından imtinamı etməliyik?”.