BAKI, 22 aprel. TELEQRAF
Ermənistan parlamentinin növbədənkənar sessiyası zamanı vəziyyət gərginləşib.
Teleqraf xəbər verir ki, buna səbəb hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryanın 1915-ci il olaylarından (qondarma soyqırımından) 3 il sonra “Daşnaksütyun”un Türkiyə ilə sülh və dostluq müqaviləsi imzaladığını xatırlatması olub.
“Heç kim bunu inkar eləmir. 110 ildən sonra siz ikiüzlülüklə (qondarma) soyqırımının inkarını cinayət hesab edən qanun layihəsini gündəmə gətirmək istəyirsiniz”, - Koncoryan parlamentdəki “daşnaklar”a müraciətində bildirib.
Hakim partiyadakı həmkarına sərt təpki verən İşxan Saqatelyana spiker Alen Simonyanın cavabı da eyni tonda olub.
Saqatelyanın ona yersiz cavabına Alen Simonyan belə təpki göstərib: “Bura uşaq bağçası deyil, yerinizə oturun. Kiminlə danışdığınızın fərqindəsiniz? Məni eşidirsiniz? Yerinizə oturun”.
Saqatelyan da Simonyana cavabında “Sən yerinə otur” cavabını verib.
Ardınca “Vətəndaş Müqaviləsi” və müxalif “Ermənistan” fraksiyasının deputatları arasında əlbəyaxa dava düşüb. Əvvəlcə Vahe Qalumyanla Qeqam Manukyan arasında əlbəyaxa dava olub, sonra digər deputatlar müdaxilə ediblər.
Spiker 20 dəqiqəlik fasilə elan edib.