
TBİLİSİ, 1 aprel. TELEQRAF
Gürcüstanın Cinayət Məcəlləsində “vətənə xəyanət” maddəsi bərpa edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamentində hakim “Gürcü Arzusu” partiyasının qanunvericilik təşəbbüsü sonuncu oxunuşda 86 səslə yekdilliklə dəstəklənib.
Maddəyə əsasən, Gürcüstan vətəndaşı və ya Gürcüstanda yaşayış statusu olan şəxs tərəfindən Gürcüstanın ərazi bütövlüyünün pozulması, konstitusiyaya zidd sazişlərin imzalanması və ya danışıqların aparılması, milli təhlükəsizliyə xələl gətirilməsi, xarici kəşfiyyat xidmətinə qoşulma, Gürcüstanın müdafiə qabiliyyətinə xələl gətirmək, dövlət sirrini üzə çıxarmaq və ya gizli saxlama məqsədi daşıyan hərəkətlər, Gürcüstanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək, təxribat törətmək və ya xarici dövlətlərə, xarici təşkilatlara və ya xarici nəzarətdə olan təşkilatlara düşmənçilik fəaliyyətində köməklik göstərmək dövlətə xəyanət kimi qiymətləndiriləcək.
Qeyd edək ki, Gürcüstanın Cinayət Məcəlləsindən adıçəkilən maddə 2007-ci ildə çıxarılıb.