BAKI, 22 aprel. TELEQRAF

Yaponiya hökuməti İkinci Dünya müharibəsindən sonra tətbiq olunan silah ixracı məhdudiyyətlərini yumşaldaraq qaydalarda dəyişiklik edib.

Teleqraf xəbər verir ki, hökumətin baş katibi Minoru Kihara bildirib ki, bu qərar sürətlə dəyişən təhlükəsizlik mühitində ölkənin müdafiəsini gücləndirməyə xidmət edəcək.

Onun sözlərinə görə, regionda sülhün qorunması üçün silah ixracının təşviqi və müttəfiq ölkələrin müdafiə qabiliyyətinin artırılması vacibdir.

Qeyd olunur ki, yeni qaydalar bütün növ silahların, o cümlədən öldürücü silahların həm hazır məhsul, həm də komponentlər şəklində ixracına imkan verir. Lakin bu məhsullar yalnız Yaponiya ilə müdafiə texnologiyalarının ötürülməsi üzrə razılaşması olan ölkələrə satıla bilər.