
TBİLİSİ, 1 aprel. TELEQRAF
Gürcüstan parlamenti “Xarici agentlər haqqında” Qanunu sonuncu üçüncü oxunuşda qəbul edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, ABŞ-də qüvvədə olan FARA (Foreign Agents Registration Act/Xarici Agentlərin Qeydiyyatı Aktı) aktının surəti olan qanunu 86 deputat dəstəkləyib.
Qanunla Gürcüstanda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərin xarici agent kimi qeydiyyatı nəzərdə tutulur. Yeni qanuna riayət olunmasına Antikorrupsiya bürosu nəzarət edəcək. Qanuna əməl etməyənlər 5 min laridən (3 081 AZN) 10 min lariyədək (6 162 AZN) məbləğdə cərimə olunacaqlar, bəzi hallarda isə 5 ilədək müddətə həbs cəzası alacaqlar.
Yeni qanun prezidentin imzalamasından və rəsmi dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, qonşu ölkədə 2024-cü ilin mayında qəbul olunmuş “Xarici təsirin şəffaflığı” haqqında qanun kütləvi etirazlara səbəb olub, hakimiyyət “Rusiyanın yolu ilə getməkdə” ittiham edilib. Rusiyada analoji qanun 2022-ci ilin dekabrında qüvvəyə minib.