TBİLİSİ, 1 aprel. TELEQRAF

“Gürcüstan üçün Azərbaycan, Türkiyə və Ermənistanla siyasi münasibətlərin inkişafı prioritet təşkil edir. Bu ölkələrlə bizim əla siyasi əlaqələrimiz və strateji tərəfdaşlığımız, çox yaxşı iqtisadi, siyasi və strateji əlaqələrimiz var”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Rumıniya mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın xarici siyasətinin digər mühüm istiqaməti Mərkəzi Asiya ölkələri ilə ikitərəfli münasibətlərin inkişafıdır.

“Qazaxıstan və Özbəkistanla əlaqələrimiz son vaxtlar xeyli yaxşılaşıb. Gürcüstan bu iki ölkəni nəqliyyat, ticarət və logistika sahələrində çox mühüm tərəfdaş hesab edir. Xarici siyasət prioritetlərimizə həmçinin Çinlə, Fars körfəzi ölkələri və İsraillə də əlaqələrin genişləndirilməsi daxildir”, - N.Samxaradze söyləyib.

Gürcüstan-ABŞ münasibətlərinə də toxunan komitə sədri bildirib ki, Tbilisi üçün Vaşinqtonla strateji tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır:

“Təəssüflər olsun ki, Ukraynada müharibənin başlamasından sonra son iki il ərzində bizim ABŞ ilə münasibətlərimizi dərinləşdirmək imkanımız olmayıb. Lakin ümid edirik ki, Vaşinqtonda yeni administrasiya dövründə münasibətlərimizi bərpa edə biləcəyik”.