
TBİLİSİ. 31 mart. TELEQRAF
“Gürcüstanda mənfi təbii artımın qeydə alınması narahatedici vəziyyətdir. Gürcülər tezliklə öz ölkələrində etnik azlığa çevrilə bilərlər”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu statistika üzrə mütəxəssis Soso Arçvadze “BusinessPressNews” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, mənfi göstəriciyə görə qırmızı həyəcan siqnalı yanır.
“Vəziyyəti daha da ağırlaşdıran hal Gürcüstandan mühacirət edənlərin sayının yüksək olmasıdır. Yəni Gürcüstanı tərk edən vətəndaşlar ölkəyə gələnlərdən xeyli çoxdur. Digər ölkələrin vətəndaşları ilə bağlı isə müsbət balans müşahidə olunur”, - mütəxəssis söyləyib.
S.Arçvadzenin fikrincə, cəmiyyət və hökumət belə mühüm məsələlərə lazımı diqqət ayırmır:
“Biz iqtisadi artım templəri, iş yerləri, Gürcüstanın beynəlxalq reytinqlərdə tutduğu yerə diqqət yetiririk. Müxtəlif beynəlxalq maliyyə institutlarının Gürcüstanı lider mövqelərə layiq görmələri çox sevindirici olsa da, demoqrafik problem həll olunmasa, bütün bunların heç bir əhəmiyyəti olmayacaq”.
Qeyd edək ki, Gürcüstanın Milli Statistika İdarəsinin 2024-cü il üzrə hesabatına əsasən, ötən il ölkədə 39 483 uşaq doğulub, 43 971 nəfər isə ölüb. Təbii artım (diri doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq) – 4 488 nəfər təşkil edib. 2023-cü ildə də qonşu ölkədə mənfi təbii artım (-2542) qeydə alınmışdı.