
TBİLİSİ, 28 mart. TELEQRAF
“Gürcüstanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik. Hökumət müsəlman icmasını maksimum dərəcədə dəstəkləyir və bu dəstəyi bundan sonra da davam etdirəcək”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisində çıxışı zamanı deyib.
Hökumət başçısı müsəlman icmasının Gürcüstanın inkişafına verdiyi töhfələrdən danışıb.
“Fəxr edirik ki, bizim həqiqətən nümunəvi birgəyaşayışımız var və biz birlikdə ümumi ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti xüsusilə 2014-cü ildən sonra müsəlman icmasına hərtərəfli dəstək göstərir və bu dəstək gələcəkdə də davam edəcək. Son 10 ildə 250-dən çox məscid müsəlman icmasının daimi istifadəsinə verilib və icmaya 35 milyon lari həcmində maliyyə dəstəyi ayrılıb. Bütün bunlar Gürcüstan hökumətinin müsəlman icmasının ölkənin inkişafına verdiyi töhfəyə böyük əhəmiyyətin ifadəsidir”, - İ.Kobaxidze söyləyib.
Baş nazirin adından təşkil olunan məclisdə Gürcüstanın hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun nümayəndələri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və din xadimləri iştirak ediblər.