TBİLİSİ, 28 mart. TELEQRAF

Tbilisidə Gürcüstan parlamentinin binası ətrafında etiraz aksiyası keçirilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, iştirakçılar parlamentin xüsusi istintaq komissiyasının fəaliyyətinə etiraz edirlər.

Polislə qarşıdurma zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında müxalif “Dəyişikliklər naminə” koalisiyasının liderlərindən biri Elene Xoştariya da var.

Ərazidə vəziyyət gərgin olaraq qalır. Etirazçılar Rustaveli prospektini bağlayıblar. Parlament binası ətrafına əlavə polis qüvvələri səfərbər olunub.

Qeyd edək ki, parlamentin xüsusi istintaq komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. Komissiyanın bugünkü iclasında briqada generalı Mamuka Kuraşvili 2008-ci ilin avqust müharibəsi üzrə dindirilib. O, ifadə verərkən səsini qaldırdığına görə komissiya sədri Tea Tsulukianinin sərt reaksiyası ilə üzləşib. Etirazçıların sözlərinə görə, T.Tsulukianinin məqsədi generalı açıq şəkildə alçaltmaq olub.