TBİLİSİ, 28 mart. TELEQRAF

2024-cü ildə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım cəmi 292 nəfər təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

2023-cü ildə regionda təbii artım 719 nəfərə bərabər olub. İllik müqayisədə soydaşlarımız arasında təbii artım 427 nəfər və yaxud 2,5 dəfə azalıb.

Ötən il Kvemo Kartli bölgəsində nikahların sayı 2 657, boşanmaların sayı isə 1 364 olub. Nikahların sayı illik müqayisədə 91 hal azalıb, boşanmaların sayı isə 33 hal artıb.

Hesabata əsasən, 2024-cü ildə Gürcüstanda mənfi təbii artım qeydə alınıb və -4 488-ə bərabər olub. Qonşu ölkədə nikahların ümumi sayı 21 653 (-2,8%), boşanmaların ümumi sayı isə 13 520 (-1,1%) təşkil edib.