TBİLİSİ, 28 mart. TELEQRAF

Gürcüstanın Milli Bankı (GMB) ölkə daxilində ödənişlərin emalı üçün milli ödəniş sisteminin hazırlanması üzərində işləyir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə GMB-nin vitse-prezidenti Ekaterine Qaldava bildirib.

Onun sözlərinə görə, məqsəd VISA və Mastercard kimi xarici ödəniş sistemlərindən asılılığı azaltmaqdır.

“Biz Gürcüstanın iqtisadi müstəqilliyini möhkəmləndirmək istəyirik. Ölkə daxilində hətta lari ilə köçürmələr əsasən VISA və Mastercard vasitəsilə həyata keçirilir. Bu isə o deməkdir ki, komissiyalar xaricə axır, belə ki, beynəlxalq ödəniş sistemləri bütün tranzaksiyalardan öz payını əldə edir”, - E.Qaldava söyləyib.

Vitse-prezident qeyd edib ki, “National Switch” adlı layihə müzakirələr mərhələsindədir və reallaşdırılması üçün ən az iki il tələb olunacaq.